(1-ci yazı) Masallının sabiq rəhbəri öz kəndi haqqında -2000 il əvvəl şəhər olmuş bu günkü Qızılağac kəndi


Dünya şöhrətli məşhurlar bu kənd haqqında

(1-ci yazı)

Yazı redaksiyaya hazırda Masallı rayonunun Qızılağac kəndində yaşayan, Masallı Rayon Partiya komitəsinin sabiq 1-ci katibi işləmiş İltifat Məmmədov tərəfindən təqdim olunmuşdur. Müəllif bu yazısını Qızılağac kəndində ilk dünyəvi məktəbin açılmasına və ömrünün 60 ilini xalq maarifinə həsr etmiş atası Ağaverdi Ağaəli oğlu Məmmədovun unudulmaz xatirəsinə həsr etmişdir.

Xatırladaq ki,  İltifat Məmmədov 1943-ci ildə Masallı rayonunun Qızılağac kəndində anadan olmuşdur. ADPİ-nin tarix-filologiya fakültəsini bitirmişdir. Əvvəllər müəllim işləsə də, sonralar rəhbər partiya və sovet işində çalışmışdır. Masallı Rayon İcraiyyə Komitəsinin sədri, rayon partiya komitəsinin şöbə müdiri, 2-ci katibi, daha sonra isə 1-ci katibi vəzifələrində çalışmışdır. O həm də Azərbaycan Ali Sovetin deputatı olmuşdur.

(Yazı Masallı ensiklopediyası kitabı üçün hazırlanmışdır)

Qızılağac adı qədim qaynaqlarda – Strabon Qızılağac haqqında      

Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri olan Qızılağacın adına qədim tarixi qaynaqlarda tez-tez rast gəlmək olur. Məşhur yunan coğrafiyaçısı və tarixçisi  Strabon (B.e. əvvəl 64-b. e. 24) özünün  “Coğrafiya” kitabında Qızılağacın adını çəkmişdir. Azərbaycan haqqında bəhs edərkən Strabon yazır: “Qızılağac şəhərinin əks tərəfində sahildən 1,5 mil aralı iki ada: Keoxol, Alibu-lax (xəritədə Əli bulaq) yerləşir”.
     Qeyd etmək istəyirəm ki, ən heyrətamiz odur ki, Əli bulağı bu gün  də Qızılağac kəndinin 1,5 mil  məsafəsində mövcuddur və adını olduğu kimi saxlamaqdır. 
Göründüyü kimi Qızılağac hələ 2000 il bundan əvvəl Strabonun yaşadığı dövrdə şəhər olmuşdur. Şəhərin və onun qala divarlarının nişanələri , dəmir dövrünə aid kurqan – “Həzi təpəsi”, “Daşlı quyu” öz varlıqlarını saxlamaqdadır. 


Makedoniyalı İsgəndər Qızılağacda olubmu?

Bu barədə 2 mənbə var.

Antik salnaməçisi Plutarx  “İsgəndər Zülqərneyn” adlı əsərində İsgənədrin İrana yürüşünə həsr etdiyi 31-ci bölməsində belə yazır: 
“Bundan sonra İsgəndər qoşununun ən yaxşı hissələriylə Hirkana gəldi. Burada o suyu başqa dənizlərdəkindən çox-çox duzsuz olan dəniz körfəzini gördü. Güman ki, Pontdan kiçik olmayan bu körfəz haqqında konkret heç nə öyrənə bilməyən şah belə qərara gəldi ki, bu Meotidin kənarıdır. Yeri gəlmişkən, təbiətşünaslar bu barədə artıq həqiqəti bilirdilər. Hətta İsgəndərin yürüşündən çox illər qabaq onlar yazmışdılar ki, Hirkan körfəzi və ya Kaspi dənizi Okenannın dörd körfəzindən ən şimalda olanıdır. Həmin yerlərdə barbarlardan kimlərsə qəflətən mehtərlərə hücum edib şahın sevimli atı Bukefalı oğurladılar (Yeri gəlmişkən  qeyd edim ki, yunanlar ümumiyyətlə bütün qeyri-yunanları, yəni yunan olmayanları barbar adlandırırdılar-izahat bizimdir) İsgəndər çox qəzəbləndi və carçılara elan etdi ki, əgər atı ona qaytarmasalar, ətraf yerlərin əhalisini arvad-uşaqlarıyla birgə qırıb məhv edəcək. Amma elə ki, atı ona gətirdilər və şəhərlər könüllü itaətə gəldi. İsgəndər hamı ilə iltifatla rəftar etdi, hətta Bukefalı çağıranlara haqq da ödədi” (yenə orada, səh 42). Əsərin 45-ci bölməsində isə yazılır: “Hirkandan İsgəndər qoşunla bərabər Parfiyaya  (İranın cənub-şərqində ölkə) daxil oldu” (yenə orada səh.-42).
   
Buradan aydın olur ki, İsgəndərin “qoşununun ən yaxşı hissələri ilə daxil olduğu Hirkan indiki Lənkəran ərazisindəki Hirkan, “suyu başqa dənizlərdən çox-çox duzsuz olan” körfəz isə Qızılağac körfəzidir, həmçinin Plutarx bu ərazidə şəhərlilərin Bukefalı oğurladığını qeyd edir. Elə Strabon da 2000 il bundan əvvəl Qızılağacın şəhər olduğunu göstərir. Deməli, bu şəhər Qızılağac şəhəri imiş!

İkincisi. Burada mən daha bir maraqlı məsələni qeyd etmək istəyirəm ki, son vaxtlar Neftçala rayonu haqqında tədqiqat aparan tarixşünaslar sübut etməyə çalışırlar ki, Makedoniyalı İsgəndər Neftçala ərazisində olmuşdur. B.Mikayıllı yazır: “Elmi faktlarla sübut olunmuşdur ki, bu ərazidə insan hələ qədim dövrlərdən məskən salmışdır. Rəvayətə görə indiki Müşfiq kəndi ərazisində Məhtənabad adlı şəhər olmuşdur. Makedoniyalı İsgəndər uzun müddət bu şəhəri mühasirədə saxlamış, lakin almağa müvəffəq olmamışdır. Yalnız həkim Ərəstun tərəfindən hazırlanmış- su halında olan dərmanın köməkliyi ilə şəhəri mühafizə edən qala divarları uçurulmuş və şəhəri su basmışdır.
Su altında qalmış bu şəhər o vaxtdan “Xaraba şəhər” adlanır. Bəli, əgər Makedoniyalı İsgəndər Neftçalada, qədim “Xaraba şəhər”də olubsa, deməli onun keçdiyi yol “Suyu başqa dənizlərdən çox-çox duzsuz olan” dəniz körfəzi məhz Qızılağac körfəzidir, 2000 il bundan əvvəl Strabonun göstərdiyi Qızılağac şəhəridir ki, var. Çünki İsgəndər Neftçala şəhərinə Hirkandan ancaq Qızılağacdan keçib gedə bilırdi!

 Tarixdən məlumdur ki, Makedoniyalı İsgəndər birinci dəfə b.e.ə 333-cü ildə İran şahı III Daranın qoşunu ilə müharibə aparmış və qalib gəlmişdir. Bu zaman III Daranın ailəsi-anası, arvadı, iki qızı və körpə oğlu İsgəndərə əsir düşmüş, səyyar şah sarayı İsgəndərin əlinə keçmişdir. İkinci dəfə isə III Daranın qoşunu Makedoniyalı İsgəndərə b.e.ə 331-ci ilin oktyabr ayının 1-də Cancal (Qavqamela) düzənliyində üz-üzə gəlmiş və bu qanlı döyüşdə yenə də tale İsgəndərin üzünə gülmüş və o, qalib gəlmişdir. İsgəndər nəhayət, buradan b.e.ə 330-cu ildə Midiyanın paytaxtı Ekbatana (Həmədana)  gəlmişdir və Dara tam məğlubiyyətə uğrayaraq öldürülmüşdür. Bəli, bunlar tarixi faktlardır, inkarediləməz dəlilərdir.

    Deməli Qızılağacın tarixi hələ ən azı 2300 il bundan əvvəl başlayır. Tarixi mənbələrdə göstərilir ki, Lənkəran düzənliyi və Muğandakı arxeoloji qazıntılar başlıca olaraq qəbir abidələri (Kurqan, daş qutu, daşla hörülmüş yerüstü qəbir, daş kitabələr tipli sərdabələr) əsasında aparılmış və tədqiq edilmişdir. 

Əbu Abdullah Şeyx Əli Bakuvi Baba Kuhi (933-1051) 

Qızılağac haqqında


Şərq poeziyasının və fəlsəfi fikrinin görkəmli mütəfəkkiri , şair Əbu Abdullah Şeyx Əli Bakuvi Baba Kuhi (933-1051) İrana, Ərəbistana, Hindistana, səyahətləri zamanı Qızılağacdan keçmişdir. O özünün çəkmiş olduğu xəritədə məhz bu yolu göstərmişdir. 
      
Məşhur səyyah və coğrafiyaşünas Əbdürrəşid Bakuvi 1403-cü ildə  tərtib etdiyi xəritəsində  Qızılağac şəhərinin də adını göstərmişdir. 

Tarix elmləri doktoru Fəridə Məmmədova Qızılağac haqqında

Qızılağacın qədimliyindən xəbər verən başqa bir mənbə də Azərbaycan EA  Tarix institutunun baş elmi işçisi, tarix elmləri doktoru Fəridə Məmmədovanın b.e.ə III əsrdə formalaşmağa başlayan Qafqaz Albanları haqqında verdiyi çox dəyərli məlumatdır. F.Məmmədova  b.e.ə III əsrdə Albaniya haqqında verdiyi xəritədə bu ərazidə yerləşən Qızılağac körfəzini göstərmiş və hətta “ Viləş çayı” nın adını da xəritədə qeyd etmişdir. 

Tarix elmləri doktoru Oktay Əfəndiyev Qızılağac  haqqında

Azərbaycanın XVI əsr “qızıl dövrü” haqqında məlumat verən tarix elmləri doktoru Oktay Əfəndiyev Şah İsmayıl Xətainin yaratdığı dövlətin xəritəsində Qızılağac şəhərinin də  adını qeyd edir.

Müəllifləri B.Hüseynbala oğlu və M.Talışlı olan 1990-cı ildə nəşr edilmiş “Lənkəran” kitabında yazıblar ki, “Moskva dövlət zadəkanı Mixail Nikitiç Tixonov 1613-1614-cü illərdə səfir kimi Aleksey Buxarovla birlikdə I Şah Abbasın yanına gələrkən 1613-cü ilin 19 dekabrında Qızılağacda olaraq Şah Abbas tərəfindən qəbul edilmişdir” (bax,”Lənkəran” kitabı, 1990 səh.27).

     Rus zadəganı, XVII əsrin məşhur kilsə xadimi Artmey  Suxanov, vaxtilə  Rusiyada həkim işləyən Bel familiyalı səfarət nümayəndəsi, şotlandiyalı da Qızılağac şəhəri haqqında məlumat vermişlər.

Məhşur “ Tarixi-aləmarayi –Abbası” əsərinin müəllifi İsgəndərbəy Münşi  Qızılağac haqqında  

Məhşur   “Tarixi-aləmarayi –Abbası” əsərinin müəllifi İsgəndərbəy Münşi 1609-cu ilin hadisələrindən yazarkən əsərində göstərir ki, I Şah Abbas Şeyx Səfiəddinin məzarını ziyarət edərkən Şıxkərana gedir. O hər iki məzarı təmir etdirdikdən sonra Qızılağaca gəlib ova çıxır. Qızılağac tarix boyu Səfəvi Şahlarının, həmçinin Teymurləngin, Nadir Şahın, Qara xanım və bir çox hökmdarların məsləhət yeri olmuşdur.

1 Şah Abbasın Qızılağacda yerləşən səfərətxanası    

XVII-XVIII əsrlərədək Qızılağacda məşhur bir qala olmuş və burada yarpaqları qızılı rəngə çalan böyük bir Qızılağac deyilən ağac da varmış . Burada I Şah Abbasın səfarətxanası yerləşirmiş. I Şah Abbas dövlət nümayəndələri ilə məhz buradakı səfarətxanasında görüşər, onları qəbul edər,  sonra birgə ova çıxarlarmış. Bəli, hələ 1600-cü illərdə Qızılağacda dövlət səfarətxanası olmuşdur. 

Aleksandr Düma (Ata) Qızılağac haqqında 

Məşhur fransız yazıçısı Aleksandr Düma (Ata) özünün məşhur “Qafqaz səfəri” əsərində Azərbaycan səyahətindən, torpaqlarımız, xalqımız, adət-ənənələrimiz, maraqlı şəxsiyyətləri ilə yanaşı Qızılağac haqqında da məlumat vermişdir. Teymurilər Sultanı Əbu Səid də 1468-cı ildə Qızılağac-da olmuşdur. 

Mahmud İsmayılov 

“Uzun Həsən” romanında Qızılaöac haqqında
 

Mahmud İsmayılov özünün “Uzun Həsən” romanında yazır: “O, Fərrux Yassara daha yaxın olmaq üçün Qarabağda qışlamaq istədi, lakin burada da ərzağın və yemin qıt olduğunu öyrənəndən sonra Muğanda Mahmudabadla Qızılağac arasında düşərgə saldırdı ”(Söhbət Əbu Səiddən gedir.)  Ali məktəb tələbələri üçün dərs vəsaiti olan akademik Ziya Bünyadovun və Yusif Yusifovun redaktəsilə 1994-cü ildə nəşr olunmuş “Azərbaycan tarixi” kitabının 371-ci səhifəsində belə yazılmışdır: “1468-ci ilin payızında Əbu Səid Cənubi Azərbaycana daxil oldu. Əvvəlcə Qarabağ düzənliyində, sonra isə  Muğanda   və Qızılağacda Xəzərin sahilində məskən saldı. 

   Yenə həmin kitabın 468-ci səhifəsində göstərilir ki, “Beləliklə 1593-cü ildən etibarən Qızılbaşlara tabe edilən Azərbaycan vilayətləri – Zəncan, Xalxal, Ərdəbil, Qaracadağ, Talış, Qızılağac, Lənkəran, Qızılüzən və Kür çayları arasında yerləşən geniş ərazı vahid Azərbaycan bəylərbəyində birləşdi. Bu bəylərbəyliyə Fərhad xan və Zülfüqar xan Qaramanlı qardaşları növbə ilə başçılıq edirlər”
1-ci hissənin sonu.

İltifat Məmmədov. Yazı cenub.az-ın təklifi ilə hazırlanmışdır

Facebook Səhifəmiz
masallida.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallida.az masallida.az