Şahin Şıxəliyev:”Mən Amerikada nə qədər yaşasam da, bir rəssam kimi azərbaycanlı olaraq qalıram”



https://blogs.voanews.com/azerbaijani/azerbaijani-diaspora/files/2011/08/ShahinPicture-300x224.jpg

Azərbaycanlı rəssam Şahin Şıxəliyev 10 ildən artıqdır Amerikada yaşayır. Onunla ilk tanışlığım 2000-də oldu. Şahin Şıxəliyevi Amerikanın səsinin studiyasına mədəniyyət proqramı üçün müsahibəyə dəvət etmişdim. Bu uzaq ölkədə Azərbaycandan gəlmiş gənc rəssamın nədən ilham alıb yaradıcılıqla necə məşğul olacağı sualı söhbət boyu fikrimi məşğul edirdi.

Amerikanın səsində o ilk görüşdən sonra Amerikanın böyük incəsənətində azərbaycanlı rəssamın özünə necə yer tapa biləcyi sualına Şahin Şıxəliyev özü cavab verdi. Rəsmləri və sərgiləri ilə, incəsənətsiz həyatını təsəvvür etməmək istəyi ilə.

Rəssamla bu yaxınlarda onun Vaşinqtondakı evi və eyni zamanda emalatxanasında söhbət etdik.

Şahin Şıxəliyev Bakıda rəssam Tələt Şıxəliyevin ailəsində anadan olub, Bakıda Əzim Əzimzadə adına incəsənət məktəbini bitirib. Rəssam kimi yaradıcılığa atasının studiyasında başlaylb. Özü deyir ki, bildiyi hər şeyi demək olar ki, atasından öyrənib.

Şahin Şıxəliyev əvvəlcə Vaşinqton məktəblərinin birində rəsm müəllimi işləyib. Son bir neçə ildir Smitsonian İncəsənət Fondu tərəfindən (Smithsonian Foundation) sənətə dair mühazirələr oxumağa dəvət edilib. Amerikaya yaşamağa gələn bəzi başqa incəsənət adamları kimi Şahin Şıxəliyevin də bir vaxt incənətin kommersial tərəfinə üz tuta biləcəyini istisna etmirdim. Lakin Amerikaya gəldiyi bütün illər o, rəssam olaraq qala bilib.

“Mən başa düşdüm ki, burada tamamilə azadam, hətta istəsəm, rəssamlığı ata da bilərəm. Bu da mənim üçün bir sınaq oldu ki, mən bu işin nə qədər vacib olduğunu başa düşüm. Çünki başa düşdüm ki, burada ailənin, dostların dəstəyi yoxdur. Mən gördüm ki, bu, mənim həyatımda o qədər vacibdir ki, mən öz maddi rifahımı riskə qoymağa hazıram. Mən özüm haqda bəlkə də əvvəllər heç zaman bilmədiyim və bəlkə də heç zaman bilməyəcəyim şeyləri öyrəndim.”

Şahin Şıxəliyev deyir ki, böyük ölkədə yad mədəniyyətin təmsilçisi olmaq çox çətindir, amma mümkündür. Azərbaycanın yerli koloritindən sonra Amerika mühitində rəssama ilham verən nə olub. “Mənim üçün bu, adətən xarici bir təəssürratla bağlıdır, görüb yadımda qalan bir şeylə əlaqədardır. Gedirsən və görürsən ki, bir qız oturub, ya da günəş və onun yarartdığı kölgəni görürsən, sonra bunu təssüvüründə canlandırırsan və nəhayət yaradıcılıq prosesi başlayır. Bu prosesdə təbii ki, milli element olacaq. Mən Amerikada nə qədər yaşasam da, qanımla, canımla azərbaycanlı olaraq qalıram.”

Şahin Şıxəliyev saatlarla studiyada işləyir. Studiyanın bir hissəsini həyat yoldaşı Valeri ilə bölüşür. Valeri mozaika ustasıdır, Şahinə mozaika ilə işləməyi öyrədib, lakin sonra iki yaradıcı insan arasında böyük məhəbbət yaranıb. Evləniblər, övladları Səid dünyaya gəldikdən sonra Bakıya səfər ediblər. Valeri Bakı haqda gözəl təəssüratlarla qayıdıb. “Şahinin ailəsilə tanışlıqdan böyük təəssürat yaratdı. Çox gözəl münasibətlər yarada bildik. Şəhər özü də çox gözəldir. Bakını yaxşı gəzə bildik, amma Azərbaycanın başqa yerlərinə getməyə vaxt olmadı. Təəssüf edirəm, çünki Azərbaycanın gözəl təbiəti olduğunu eşitmişəm. Mən Şahinin dostları ilə görüşdüm. Bakının yaradıcı mühitini hiss etdim. Özüm mozaika ilə məşğul olduğuma görə mozaika ilə maraqlanırdım və Bakıda çox gözəl işlər gördüm.”

Şahin Şıxəliyev özünü tam mənasında xoşbəxt hiss edir. Rəssamlıq onun həyatının mənasıdır. Yaradıcılığın xeyrinə seçim etmək asan olmadı, amma özünün dediyi kimi bu seçim bir dəfə edilir.

https://blogs.voanews.com/azerbaijani/azerbaijani-diaspora/files/2011/08/Shahin-300x224.jpg

Facebook Səhifəmiz
masallida.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallida.az masallida.az