Respublikanın cənubunda yerləşən Masallı rayonu Azərbaycanın ən səfalı və füsunkar guşəsidir. Bu ərazi Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Neftçala rayonları ilə həmsərhəddir. Bakı - Astara yolunun 232-ci kilometrliyindədir.
Şərqdən Xəzər dənizi, Qərbdən Talış sıra dağları ilə əhatə olunmuşdur. Masallı qədim qalaları, Yanardağı, İstisuyu, nadir ağaclarla zəngin meşələri, büllur bulaqları ilə diqqəti cəlb edir. 
Masallının çox qədim tarixi var. Aparılan arxeloji qazıntılar, elmi və yazılı mənbələr göstərir ki, Masallı ərazisində qədim insanlar 15-20 min il bundan əvvəl yaşamışlar. Böyük Azərbaycan tarixçisi Abbasqulu Ağa Bakıxanovun "Gülüstani - İrəm" (1841), Mirzə Seyidəli Kazımbəy oğlunun "Cavahirnameyi Lənkəran" (1896), səlnaməçi Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun "Əxbarnamə" (1882) əsərlərində, həmçinin bir sıra Avropa və rus səyyahlarının yol xatirələrində və qeydlərində Masallının tarixinə dair qiymətli məlumatlar verilmişdir. 
"Masallı" coğrafi adının meydana gəlməsi haqqında bu vaxta qədər bir çox mülahizə və rəvayətlər söylənilmiş, tarixi mənbələrdə bu toponim "məsəlli-məsəl çəkilən yer, məsəl çəkənlər" mənasında səciyyələndirirlər. Masallı sözünün "Mosullu" sözündən yaranmasını ehtimal edənlər də var. 
Toponimika ilə məşğul olan alimlərimizdən R.Yüzbaşov və Ş.Sədiyevin birgə yazdığı "Azərbaycanın coğrafi adları" kitabında "Masallı-Masal nəslinə mənsub" şəklində qeyd olunmuşdur. Bakı Dövlət Universitetinin dosenti, coğrafiya elmləri doktoru N.Məmmədov isə bu yaşayış yerinin yaranmasını Masal bəy adlı bir şəxslə əlaqələndirir. Bəzi tarixi mənbələrdə qeyd olunur ki, yaşayış məntəqəsinin sakinləri İranın "Masal" əyalətindən köçüb gəldiklərindən bu yer Masallı adlandırılmışdır. Beləliklə, "Masallı" toponimində "Masal"-Yer ərazi "Lı"isə məkan bildirən şəkilçidir. 
Masallı antik dövrdə Midiya, Midiya-Atropatena, sonralar Qafqaz Albaniyasının Kaspiana vilayətinin, XVI-XVIII əsrin ortalarına qədər Səfəvilər dövlətinin, XVIII əsrin ortalarından talış xanlığının tərkibində olmuşdur. XIX əsrin ortalarında Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının ərazisi Lənkəran qəzası adlanırdı. 08 avqust 1930-cu ildə Masallı inzibati rayonu yaradıldı və Masallının adı respublika xəritəsinə rayon mərkəzi kimi daxil oldu. 
Qədim tarixə, zəngin mədəniyyətə malik, intellektual səviyyəsi yüksək olan Masallıya maraq tarixin müəyyən dövrlərindən artmağa başlamışdır. Görkəmli siyasi xadimlərin, dövlət və mədəniyyət adamlarının Masallıya gəlişi məhz belə bir münasibətin ifadəsi idi. 1274-cü ildə Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddinin, 1501-ci ildə Şah İsmayıl Xətainin Ərkivan kəndində, görkəmli dövlət xadimi, yazıçı N.Nərimanovun 1922-ci ildə Masallıda və onun bir sıra kəndlərində olması barədə çoxlu əsərlərdə yazılara rast gəlmək olur. Doktor N.Nərimanov Masallıda olarkən bu ərazinin təbii imkanları və üstünlüklərindən danışmaqla yanaşı, həm də taxılçılığı və çəltikçiliyi inkişaf etdirməyi vacib saymışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev iki dəfə Masallıda olub. Möhtərəm Prezident İlham Əliyev bir neçə dəfə Masallıya səfər etmişdir. 
Masallı tarixinin güzgüsü 1952-ci ildən rayonun Hişkədərə kəndində fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyidir. Muzeyin palentologiya, etnoqrafiya, numizmatika, arxeologiya şöbələrində 19 mindən çox qiymətli eksponat toplanmışdır. Rayonun Ərkivan, Hişkədərə, Boradigah, Tatyan, Hacıtəpə, Şəhriyar, Xırmandalı, Mahmudavar, Bambaşı, Çaxırlı, Ərəb, Qızılağac, Qəriblər, Öncəqala, Köhnə Alvadı kəndlərinin yaxınlığında qədim şəhər, qala kurqanı, türbə məqbərə yerləri aşkar edilmişdir.Bu ərazilərdən tunc, dəmir, antik və orta əsrlər dövrünə aid xeyli miqdarda maddi-mədəniyyət nümunələri toplanmışdır. Bütün bunlar Masallı (Hişkədərə) Tarix-Diyarşünaslıq muzeyində mühafizə olunur. Muzeyin yaradıcısı mərhum əməkdar müəllim Rəhim Tağıyev olmuşdur. 
Masallı ərazisi 168 qədim, sirli abidələr, qalalar, saraylar, ziyarətgahlar, hamamlar, bulaqlar, məskənidir. Bunlardan 51-i tarix və memarlıq, 70-i arxeloji, qalanları isə XX əsr abidələridir. 
1941-1945-ci illərdə BVM-nə getmiş 10914 nəfər Masallının vətənpərvər oğullarından 4248 nəfəri qayıdıb, 1573 nəfəri itgin düşüb, 5 mindən çoxu həlak olub. Qarabağın azadlığı uğrunda 5 min nəfərə yaxın cəsur oğlumuz vuruşub. Onlardan 150 nəfəri şəhid olub, 30 nəfəri itgin düşüb, 500 nəfərdən çoxu yaralanıb. Onlardan Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Səfəralı Məmmədov, Elşad Hüseynov, Elşad Əhədov, Səfa Axundov bütün Masallıların andıdır. 3 nəfər Masallı döyüşçüsünə "Azərbaycan Bayrağı" ordeni verilmişdir. 
XX əsrdə Masallı Azərbaycana və dünyaya 230-dan çox elmlər doktoru, elmlər namizədi, 6 general, 100-ə yaxın yazıçı və şair, müxtəlif sahələrdə çalışan nüfuzlu şəxslər bəxş edib. İqtisadiyyat sahəsindəki uğurlarına görə müxtəlif illərdə 50 nəfərdən çox Masallı Sosialist Əməyi Qəhrəmanı fəxri adına Lenin ordeninə layiq görülmüşdür. 
107 kəndi, bir qəsəbə və bir şəhəri, 183,5 min əhalisi olan Masallıda bu gün elm, təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat sahəsində on mindən çox ali və orta ixtisas təhsilli mütəxəssis çalışır. 
Rayonun 721 kvadrat km ərazisi vardır. Masallıda 1 kvadrat km-ə 254 nəfər əhali düşür ki, bu da dünya əhalisinin sıxlığından 7 dəfə, respublikadan 3 dəfə çoxdur. Masallı rayonu hər kvadrat km-ə düşən əhalinin sayına görə dünyada ən sıx əhalisi olan Çin Xalq Respublikasını belə ötüb keçmişdir. 
Rayonda 10-dan çox millətin nümayəndəsi, həmçinin 466 nəfər məcburi köçkün və qaçqın yaşayır. 
Viləşçayı subtropik zonasının yeganə iri dağ çayıdır. Tarixi mənbələrdə Viləşçayın adı e.ə. minilliklərdə çəkilir. Eramızın 90-168-ci illərində yaşamış Yunan coğrafiyaşünası Ptolemey Xəzər dənizinin xəritəsini çəkərkən Viləşçayın Qızılağac körfəzinə töküldüyünü göstərmişdir. Mənbəyini Yardımlı və Lerik rayonlarının ərazisindən, Talış silsilə yamaclarından götürür. Uznluğu 115 km, hövzəsinin sahəsi 935 kv.km-dir. 1976-cı ildə müdrik Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Masallıda Viləşçay su dəryaçasının bünövrəsi qoyulmuşdur. Viləşçay dəryaçası bu gün Heydər Əliyevin adını daşıyır. 
Masallı torpağı durna gözlü bulaqlarla da məşhurdur. Təkcə "dünya bulaqlarının muzeyi" sayılan Ərkivan kəndində 37 bulaq vardır. Hər bulağın öz adı, öz dadı, öz tarixi vardır. 
Masallı yeraltı və yerüstü sərvətlərlə də zəngindir. Onun İstisuyu əsrarəngiz gözəllik guşəsidir. Ana təbiətin memar əli ilə yaradılmış İstisu möcüzəsi ulu keçmişimizin bizə yadigar qoyduğu ən qiymətli sərvətlərdən biridir. Masallı istisuyu yel, oynaq əzələ, əsəb sistemi, bir çox dəri, habelə mədə-bağırsaq və qadın xəstəliklərinin əvəzsiz loğmanıdır.

Facebook Səhifəmiz
masallida.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallida.az masallida.az