Sığdaş

Kəndin adı: 
Sığdaş

Kəndin əhalisi: 

1546 nəfər

Kəndin ərazisi: 
445,58 kv km

Kəndin coğrafi mövqeyi: 
Sığdaş kəndi Masallı rayonunun cənub-qərbində yerləşir. Kənd dəniz səviyyəsindən 200-230 metr yüksəklikdə yerləşir.

Həmsərhəd olduğu kəndlər:
Kənd qərbdən Talış sıra dağları, Şimal-qərbdən Ninalov kəndi, şimaldan Babakücə kəndi, şərqdən Kolatan kəndi, cənubdan isə Xanalion kəndləri ilə həmsərhəddir. 

Kəndin əsas məşğuliyyəti:

Keçmişdə, əsasən, maldarlıq və əkinçilik, bostançılıq, xırda sənətkarlıq və qismən qonşu yaşayış məskənləri ilə ticarət etmək olmuşdur. Hal-hazırda da əsas məşğuliyyət əkinçilik və maldarlıq, qismən də arıçılıq sayılır.

Kəndin adının mənası: 
Kəndin adının mənası müxtəlif mənbələrdə və toponimlərdə müxtəlif cür izah olunur. Lakin ən uyğun variant daha tutarlı əsaslarla belə izah olunur:
“Sığdaş” adı iki sözdən əmələ gəlmişdir: “Sığ” və “Daş” sözləri. “Sığ” sözü talış dilindən tərcümədə “daş” deməkdir. Adın ikinci hissəsi olan “Daş” sözü isə talış dilində işlənən “dəşt” sözünün müasir dövrə uyğunlaşan deyiliş formasıdır. “Dəşt” isə talış dilində “çöl” deməkdir. Yəni ki, kəndin adı talış dilində “Daşlı çöl” mənasını verir. Belə ki, keçmişdə “Sığdəşt” kimi işlənən bu adın elmi izahı onunla əlaqədardır ki, Sığdaş kəndi Talış sıra dağlarının ətəklərində yerləşdiyi üçün dağlıq və daşlıq ərazi Sığdaş kəndinin axırında başa çatır. Sığdaş kəndindən başlayaraq düzənlik və aran ərazilər başlanır ki, buda dağlıq ərazinin qurtarması və aran-çöllük yerlərin başlanması mənasını ifadə edir. Sığdaş kəndi haqqında tarixçi Mirzə Əhməd Mirzə Xudaverdi oğlu öz yazdığı “Əxbərnamə” əsərində Sığdaş adının “Siqdəşt” kimi qeyd etmişdir (səh. 63-64). Sığdaş adının bu cür işlənməsi isə müəllifin əslən Qarabağlı olması və ləhcədə olan dəyişikliklə bağlı olsa da, Sığdaş adının kökü və toponomik mənası dəyişmir.

Kəndin tarixi abidələri: 

Sığdaş kəndi keçmişdə Talış xanlığının Uluf mahalına daxil olan yaşayış məntəqəsi olmuşdur. Kəndin tarixi çox qədim dövrə təsadüf edir. Kənd ağsaqqallarının verdiyi məlumata görə kəndin tarixi təxminən 800 ilə qədər olan bir dövrü əhatə edir. Belə ki, kəndin ilk sakinləri hələ 11-12-ci yüzilliklərdə ilk dəfə kəndə gələrək məskunlaşmışlar. Sığdaş kəndində tarixi abidələr çoxdur. Bunlar, əsasən, keçmişdə qazılmış su quyularından, qədim qəbiristanlıqlardan və qəbir daşlarından ibarətdir. Bu tarixi abidələrdən ən məşhuru və qədimi “Mürsəli ocağı” məscididir. Bu ocaq öz müqəddəsliyi ilə nəinki Cənub zonasında, hətta bütün Azərbaycanda məşhurdur. Bu məşhur ocaq haqqında iki tarixi-dini fərziyyə mövcuddur. Fərziyyəyə görə ocağın belə müqəddəs və şəfalı olması Həzrəti Əlinin bu yerdən keçməsi ilə əlaqədardır. Bu barədə Ərkivan kəndinin sakini, baytarlıq elmləri namizədi, görkəmli alim Əbdürrəhman Səmədov öz kitabında maraqlı məlumat vermişdir. Onun yazdığına görə 640-650-ci illər arası Həzrəti Əli(ə) buradan keçən zaman təpənin başında yerləşən bir yerdə qılıncını yerə vurmuş, həmin yerdən də su fəvvarə vurmuşdur. O vaxtdan etibarən quyunun müqəddəsliyi və həmin yerə etiqad başlanmışdır. Sonralar həmin quyunun yanında balaca bir ziyarətgah tikilmişdir. Hazırda isə həmin qədim ocaq 2000-ci ildə yenidən tikilərək xalqın istifadəsinə verilmişdir. Digər fərziyyələrə və bəzi tarixi mənbələrə görə vaxtilə Şah İsmayıl Xətainin başçılıq etdiyi Səfəvi-qızılbaş ordusunun indiki Masallı ərazisində yerləşən Qızılağacda qışladığı vaxt “Mürsəli ocağı”nın yerləşdiyi indiki yer ordudakı əsgərlər və atlar üçün su mənbəyi rolunu oynamışdır. Ordunun yerləşdiyi yerdə su qıtlığı olduğunda məhz bu yerdən su daşınmışdır. Bu yerin müqəddəs olması isə daha çox Səfəvi şeyxlərinin buraya gəlməsi və burada su quyuları qazdırması ilə bağlıdır. Bəhs etdiyimiz dövrdə Səfəvi şeyxlərinin əhali arasında böyük nüfuzu və hörməti olduğundan bu yer tezliklə ziyarətgah kimi məşhurlaşmışdır. “Mürsəli ocağı”nın tarixi müxtəlif mənbələrdə 11-12-ci əsrin abidəsi kimi verilir.

Kənddə ilk məktəbin açıldığı tarix: 
Sığdaş kəndində ilk məktəb 4 sinifli ibtidai məktəb olmuşdur. Bu məktəb 1936-cı ildə İbrahim Axund adlı adamın evində açılmışdır. 1937-ci ildə isə həmin məktəb Axund Ağamalının evinə köçürülmüşdür. Kənddə ilk dövlət məktəbi binası isə 1950-ci ildə tikilmişdir. 1978-ci ildən isə bu məktəb orta məktəb kimi fəaliyyətdədir. 

Kəndin ilk ali təhsillisi: 

Kəndin ilk ali təhsilli adamı Əhədov Yaqub Sərdar oğlu olmuşdur. O, 1941-1945-ci illərdə Gəncədə Baytarlıq ixtisası üzrə ali təhsil almışdır. Sığdaş kəndində nə elmlər namizədi, nə də elmlər doktoru yoxdur.

Kəndin Qarabağ müharibəsi uğrunda gedən döyüşlərdə milli qəhrəman və şəhid olmuş sakinləri haqqında: 
Əliyev Əlqəmə Fəzzəl oğlu. 
1975-ci ildə Sığdaş kəndində anadan olmuşdur. Əliyev Əlqəmə 1992-ci ildə həqiqi hərbi xidmətə getmiş, Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsində 2 il erməni quldurlarına qarşı mərdliklə vuruşmuşdur. 1994-cü ilin aprelində Əliyev Əlqəmə qızğın döyüşlər zamanı qəhrəmancasına həlak olmuşdur. 

Böyük Vətən müharibəsində iştirak edənlər: 

Sığdaş kəndindən Böyük Vətən müharibəsində 60 nəfər iştirak etmişdir. Onlardan 32 nəfəri şəhid olmuşdur. Hazırda sağ qalanı yoxdur.

Kəndin din xadimləri:

Kəndin din sahəsində ən tanınmış adamı Şahmarov Hacı Tahir Talıb oğludur. O, 1955-ci ildə Masallı rayonunun Sığdaş kəndində anadan olmuşdur. Öz valehedici səsi ilə bütün Azərbaycanda tanınan Hacı Tahir Görkəmli din xadimi və məşhur müəllim kimi tanınır. Hal-hazırda o, Qafqaz Müsəlmanları İdarəsinin Təzə Pir Məscidində sədr müavinidir.

Facebook Səhifəmiz
masallida.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallida.az masallida.az