Masallının bəy övladları
Masallı Dövlət Mükafatı Laureatı, Ginnesin rekordlar kitabına düşən 80 yaşlı kapitan kimdir?
Cəmi 10 ay Nazirlər Kabineti sədrinin müavini olan masallılılı 46 yaşında dünyasını nədən dəyişdi?
Səməd Vurğunun bacısını qaçıraraq ailə həyatı quran masallılılı yeganə övladını hələ qundaqda ikən necə itirdi?
Seyid Əzim Şirvani Mirsadıq bəyə niyə şeir həsr etmişdi?
Masallının bəy oğlu rusların "vəhşi diviziya"sının komandirini niyə güllələdi və atası onun günahından niyə keçdi?
Masallının tanınmış, yaddaqalan kişilərindən biri də Talışxanovlar nəslindən olan Hacı Mirsadiq bəydir.
Ərdəbildən Cəlilabadın indiki ərazisinədək xeyli mülkləri olan (həmin mülklərin çoxu indi dağıdılıb, yerində binalar tikilib, hansı ki, bu mülklərdən biri də rayonun şəhərətrafı Digah kəndində ki, MTS adlanan ərazisində yerləşirdi) Sadıq bəy Talışxanovun oğlanları- Bəhmən və Sahib bəy nəslindən olduqlarından ciddi təzyiqlərə məruz qaldıqları üçün 30-cu illərdə Bakıya köçüblər.
Sadıq bəyin kiçik oğlu Sahibin iki oğlunun bu il 80 yaşının bayram etməyə hazırlaşan Zaur Sadıqzadənin və 46 yaşında dünyasını dəyişən Natiq Sadıqzadənin Maraqlı həyat tarixçələri var. Onların yaxın qohumlarından eləcə də onlar haqqında yazılmış məqalələrdən əldə etdiyimiz məlumatları sizə təqdim edirik.
Mirsadiq bəy olduqca imkanlı və səxavətli adam olmuşdur. Hətta XIX Şamaxı zəlzələsində yerli əhaliyə yaxından kömək etdiyi üçün Seyid Əzim Şirvani ona şeir həsr etmişdir. Onun oğlanarı sovet hakimiyyəti dövründə bəy övladları olduqlarına görə təzyiqlərdən yayınmaq üçün “Talışxanov” soyadını dəyişərək atasının adına uyğun “Sadıqzadə” soyadın götürmüş, sonradan övladlarıda bu soyadı daşımışlar. Sahib Sadıqzadə neftçi peşəsin sevdiyindən bu sahədə ustalığını tez göstərdi. Yaxşı neftçi olduğundan qısa müddətdə ona Bakının bayıl ərazisində ev də vermişdilər.
Bakıya köçdükdən bir qədər sonra 1932-ci ildə mayın 25-də onun ilk oğlu dünyaya gəlir. Adını Zaur qoyurlar. Sahib Zauru davamçısı kimi neftçi görmək istəyirdi. Zaurunda bu peşəyə marağı az deyildi. Dəniz sahilində yaşaması hər gün yaxınlıqdan keçən matros dəstələrinə tamaşa etməsi onu bu peşəyə səsləyirdi.
Ona görə də 7-ci sinifi bitirdikdən sonra neft texnikomuna daxil olur. Oranı bitirdikdən sonra isə neft və kimya insitutuna qəbul olur.
Burada oxuduğu müddətdə MK-dan gələn bir təklif onun taleyində həlledici rol oynayır. Mircəfər Bağırov təklif edir ki, bir qrup bacarıqlı tələbə sualtı qayıqlarda hərb sənətini öyrənmək üçün Latviyaya göndərilsin.
Beləliklə Zaur 2-ci kursdan Riqadakı Ali Sualtı Üzgüçülük Hərbi Dənizçilik məktəbinə qəbul olunur. Buna görə Zaur Sadıqzadə 1951-ci ildən 19 yaşından taleyini Latviya ilə bağlamalı olur.
5 il sonra 1956-cı ildə Latviyada bu məktəbi uğurla bitirir. Zaur Sadıqzadə ilk dəfə 1957-ci ildə dənizə gəmi heyyətinin rəhbərlərindən biri 2-ci şturman kimi çıxır.
Məlumat üçün bildirək ki, bu rütbəyə yüksəlmək üçün mütləq 4-cü və 3-cü şturman mərhələsi keçilməli idi. Lakin onun ustalığı və peşəkarlığı nəzərə alınaraq Zaura birbaşa 2-ci şturman vəzifəsi etibar edilmişdir. 2 ildən sonra o, artıq gəmidə səlahiyyət etibarı ilə 2-ci vəzifəyə kapitan köməkçisi vəzifəsinə təyin olundu. 3 ildən sonra 1962-ci ildə isə 30 yaşında Zaur Sadıqzadə dənizə gəmi kapitanı kimi çıxır.
Zaur hələ 10 il əvvəl 2002-ci ildə, 70 yaşı olanda 40 ildən artıq gəmi kapitanı olduğu üçün Ginnesin rekordlar kitabına düşmüşdü.
Sonralar digər bir göstəriciyə görə o 2-ci dəfə Ginnesin rekordlar kitabına yol tapacaq. Bu barədə isə bir qədər sonra. Bu illər ərzində isə Zaur Sadıqzadə dənizçili sahəsində çoxlu uğurlar qazanmış, Latviyanın Əməkdar Balıqçısı adını qazanmış Lenin ordeni ilə yanaşı onlarla digər orden və medala layiq görülmüşdü. 1980-ci ildə isə Viktor Xudakov gəmisinin kapitanı kimi yüksək nəticələr əldə etdiyi üçün o, SSRİ Dövlət Mükafatına layiq bilinmişdi.
Latviya mətbuatı isə vaxtaşırı olaraq onu “Dəniz cəngavər” kimi təqdim edirdi. Zaur ağır tonajlı Bpyük gəmisində işlədiyi dövrdə həmişə birincilər sırasında yer almış, onun fəaliyyəti vaxtaşırı olaraq Latviya mətbuatının diqqətində olmuşdur. Onun uğurları barədə latviyada genişhəcmli kitab yazılmış. Riqada və Bakıda bu kapitanla bağlı bir neçə sənədli film çəkilmişdir.
Əməkdar İncəsənət Xadimi Braun Uldisin çəkdiyi kapitan Zaur Sadıqzadə filmi onu ölkə miqyasında daha yaxşı tanınmasına yardımçı olmuşdur. 1985-ci ildə yazıçı P.F.Mavrenkov Zaur Sadıqzadəyə həsr etdiyi ”Reysdən reysə” adlı kitabında isə onun ömür yolu, arzu və düşüncələri daha tutarlı detallarla öz əksini tapmışdır. Yazıçı həmin kitabında qeyd edir ki, Zaurun komandir olduğu, ən böyük tralerlərdən sayılan İngeger Yudençev gəmisi SSRİ miqyasında yüksək göstəricilərinə görə X və XI beşilliklərin qalibi olmuşdu. Zaurun həyat fəaliyyətinə aid olduqca maraqlı detalları qələmə almışdır.
Yazıçı-jurnalist Oksana Doniçeva isə 2002-ci ildə, onun 70 illik yubileyində aşağıdakıları bildirmişdir: Dəniz hamıya qarşı sərtdir, onunla dostluq etməyi, onunla eyni olmağı yalnız cəsarətli dənizçilər bacarır. Onlardan biri də Zaur Sadıqzadədir. O. 70 illik yubileyini də dənizdəki 50 illik fəaliyyətinidə elə dənzidə-Atlantik okeanının cənubunda qeyd edib. Artıq yarım əsrdir ki, o yubileylərini balıqçı gəmilərindəki kapitan körpücüyündə keçirir.
O ilk latış gəmi kapitanlarından biri olur ki, Atlantik okeanından Sakit okeana ən çətin keçid olan Dreyk boğazını və Panama kanalını uğurla keçir.Xəritədə elə su sahəsi yoxdur ki, Zaurun komandir olduğu gəmi orada olmasın. İlin bütün fəsillərində dənizdə olan Zaur tez-tez yeni balıqçılıq rayonları kəşf edir. Çoxlu fırtınalara, çovğunlara, qasırğalara düşsə də onun rəhbərlik etdiyi gəmi bir dəfədə qəza keçirməyib. Dəniz cəngavəri həmişə təbii fəlakətlərə qalib gəlir.
Texniki hesablamalara görə, onun komandir olduğu gəmi 300 min tondan çox balıq ovlayıb və bu göstəriciyə görə 2-ci dəfə Ginnesin rekordlar kitabına düşüb.
Sovet dövründə 100 min ton balıq ovlayan komandirə Sosialist Əməyi Qəhrəmanı adı verilirdi. Lakin o latış olmadığı üçün bu ada layiq bilinmədi Sonradan isə məlum olmuşdur ki, ona Sosialist Əməyi Qəhrəmanı adının verilməməsində latış olmaması bəhanə imiş. O vaxt SSRİ-yə rəhbərlik edən M.S Qarbaçovun azərbaycanlılara qarşı rəğbəti olmadığı üçün deyib ki, onun familyası xoşuma gəlmir. Hazırda Zaur Sadıqzadə 80 yaşına yaxınlaşsa da, sahildə oturmaq onun xarakterinə ziddir.
Rəhbərlik peşəkarlığına görə Zaurla işləməyə yenə maraqlıdır. Hazırda o, rus-ispan şirkəti ilə əməkdaşlıq edir.Böyük stend adlı xüsusi soyuducu gəmisində direktor vəzfəsini daşıyır. Bu gəmi sanki üzən balıqçılıq zavodudur. Burada həm balıq tutulur, təmizlənir həmdə emal edilib hazır məhsul kimi üzən bazalara ötürülür. Zaur imkan tapan kimi tez-tez Bakıya gəlir, doğmaları ilə görüşür.
70 yaşı tamam olan ərəfədə istəyir ki, birdəfəlik Azərbaycana gəlsin. Bu zaman İslandiyadan yeni sifariş aldı. Dəniz yenə onu digər istəklərinə üstün gəldi.
Zaur qəlbində həmişə Azərbaycana sadiqdir. Buna görə də 60 il Azərbaycandan kənarda yaşasa da nə Rusiya, nə də Latviya vətəndaşlığını qəbul etməyib, elə Azərbaycan vətəndaşı olaraq qalıb. Onun 2 övladı var. Biri ABŞ-da biri isə Latviyada yaşayır.
Yeri gəlmişkən bildirək ki, bu il mayın 25-də Zaur 80 yaşını qeyd edəcək. Biz Zaur Sadıqzadənin ad gününü indidən təbrik edirik.
Zahir Əmənov.
Yazı ilk dəfə 2012-ci ildə “Cənub xəbərləri” qəzetində çap olunub.
Onu da bidirək ki, Zaur Sadıqzadənin sonrakı taleyi ilə bağlı məlumat əldə edə bilmədik.