Masallı təhsilinin tarixindən
Tarixi mənbələr göstərir ki, Azərbaycanda ibtidai savad təlimi verən ilk məktəblərin yaranması yeni eranın əvvəllərinə təsadüf edir.
VII əsrdə artıq təhsil sistemi formalaşmaqda idi.
Daha sonralar inkişaf elə bir səviyyəyə çatmışdı ki, orta təhsillə yanaşı, geniş ərazidə tanınmış ali təhsil müəssisələrinin də fəaliyyət göstərdiyi xəbər verilir.
Təbrizdə "Rəbi-Rəşidi” darülfününü Yaxın və Orta Şərqin ən böyük təhsil ocağı idi. Bu ali məktəbdə 7 min tələbə təhsil alırdı. Burada Çin, Hindistan, Misir və Suriyadan dəvət olunmuş 500 nəfər alim tədris işilə yanaşı, həm də əhalinin müalicəsilə məşğul olurdu .
Dünyavi təhsil verən məktəblərin açılmasına qədər Masallıda da mollaxana və mədrəsə tipli təhsil ocaqları fəaliyyət göstərməkdə idi. Şagirdlərə Quran oxumaq və ana dilinin əlifbası öyrədilirdi. Mollaxanalarda təhsil müddəti 5-7 il, mədrəsələrdə isə 10-15 il sürürdü.Mədrəsələr şəxsi adamlara məxsus idilər.
XX əsrə qədər Masallıda və kəndlərində orta molla təhsili verən 25 mədrəsə fəaliyyət göstərmişdir.
Lakin zamanın tələbinə uyğun olaraq qabaqcıl və daha mütərəqqi təhsilə böyük ehtiyac duyulurdu.
Bölgədə ilk məktəblər çar Rusiyasının Azərbaycanı işğal etməsindən sonra təşkil edilməkdə idi.
1829-cu ildə təqdim olunan təhsil nizamnaməsi bu vacib məsələni bir qədər də tezləşdirdi.
1830-cu ildə Şuşa, Naxçıvan, Ordubad, Şamaxı, Bakı, Quba, Lənkəran və digər qəza məktəbləri yarandı və fəaliyyətə başladı.
Bu ikisinifli məktəblərdə
şəriət, qiraət, hüsnxət, hesab, rus və Azərbaycan dili tədris edilirdi.
Müasir Masallı ərazisində ilk məktəb 1860-cı ildə Nikolayevka (Kalinovka-indi Viləşkənd) kəndində məskunlaşmış rusların təşəbbüsü ilə açılmışdı.
Bu məktəbdə rus dilli kənd sakinlərin övladları ilə yanaşı qonşu kəndlərdən gələn azərbaycanlı uşaqlar da təhsil alırdılar. Lakin azərbaycanlı uşaqlar azlıq təşkıl edirdilər.
Bunun davamı olaraq çar hökuməti 1864-cü il iyunun 14-də “İbtidai xalq məktəbləri haqqında əsasnamə”ni imzaladı.
Əsasnamənin imzalanmasından sonra Lənkəran qəzasına daxıl olan 58 kənddən 10-da, o cümlədən də
Masallı, Qlzılağac, Mahmudlu və b.ibtidai xalq məktəbləri açıldı.
Bu məktəblər rəsmi statuslu deyildilər.
1885-ci ildə Qızılağacda da belə məktəb təşkil edildı.
Məktəbin rəsmi şəkildə fəaliyyət göstərməsini təmin etmək məqsədilə 1895-ci ilin oktyabrın 20-də Qızılağac,
Yeddioymaq, Hüseyinhacılı və digər qonşu kəndlərin ziyalıları və ağsaqqalları Qızılağac kəndində yığıncaq keçirdilər.
Ərkivan starşinası və 450 nəfər yığıncaq iştirakçısının imzaladığı sənəddə məktəbin fəaliyyətini genişləndirmək məqsədilə kənd camaatından ildə 350 rubl pul vəsaitinin toplanmas da nəzərdə tutulurdu.
Nəhayət, 1896-cı ilin fevralın 17-də Rusiya hökumətinin sərəncamı ilə Qızılağac məktəbinin rəsmi statusda fəaliyyətinə icazə verilir.
Dövrünün görkəmli ziyalısı Mahmud bəy Mahmudbəyov isə məktəbin direktoru təyin edilir.
Məktəb 38 nəfərlə tədrisə başlamışdır. 1897-ci il 28 oktyabrda 40 şagirdi olan Masallı və 8 dekabrda isə 16 şagirdi olan Mahmudlu kəndlərində məktəb açılmışdır.
Səməd bəy Acalov maarif nazirinin əmrinə müvafiq olaraq Mahmudlu məktəbinin müdiri təyin olunmuşdur. Qeyd edək ki, hazırda Masallı rayonunda Mahmudlu adında kənd yoxdur. Tədqiqatçıların bəziləri Mahmudlu kəndinin Xırmandalı kəndinin yaxınlığında yerləşdiyinı, bəziləri isə Eminlı kəndinin vaxtı ilə belə adlandırıldığını bildirirlər.
1917-ci ildə rayonun Boradigah kəndində (1966-cı ildən qəsəbədir),
1920-ci ildə Ərkivan kəndində ( 2007-ci ildən qəsəbədir),
1921-ci ildə Şərəfə,
1923-ci ildə Xırmandalı,
1926-cı ildə Bədəlan,
1928-ci ildə Mahmudavar,
1929- cu ildə Hişkədərə,
1930 -cu ildə Türkoba və digər kəndlərdə də məktəblər açılmışdır.
Masallı rayonunun tarix və mədəniyyət abidələri sırasında iki məktəb binası da vardır.
Bunlar Qızılağac kəndindəki XIX əsrə aid olan “orta məktəb binası” (inv: 4852) və “Rus orta məktəbin binası”dır (inv: 4853).
Bu gün ölkə iqtisadiyyatının inkişaf tempinə uyğun olaraq dövlətimizin təhsilə yüksək qayğısı, Masallı təhsilinə də öz təsirini göstərməkdədir.
Hazırda 2018-2019-cu tədris ilində Masallı rayonunda 95 ümumtəhsil məktəbi, 1 lisey (“Dəfinə”), 1 kollec və 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Ümumtəhsil məktəblərindən
66 tam orta,
26 ümumi orta,
3 ibtidaidir.
Dərs ilində məktəblərimizdə təhsil almış 30216 şagirdin təlim-tərbiyəsi ilə 2611 müəllim məşğul olmuşdur.
15 sentyabr Bilik günü münasbətilə rayonumuzun bütün məktəblərinin müəllim və şagird kollektivlərini ürəkdən təbrik edirik !
Mürvət Abbasov
Masallı şəhər “Dəfinə “məktəb-liseyin müəllımı,
tarix üzrə fəlsəfə doktoru, “Tərəqqi “medallı