3-cü hissə. Masallının sabiq rəhbəri öz kəndi haqqında-Masallının 124 yaşlı ilk təhsil ocağı, məktəb yataqxanası, N. Nərimanovun və Qori müəllimlər seminariysı məzununun Qızılağaca gəlişi, qızılıağaclı şair Nəccar
2-ci yazının linki burada (http://masallida.az/672-2-ci-yazi-masallinin-sabiq-rhbri-oz-kndi-haqqinda-tarixi-abidlr-hamam-qonaq-evi-liman-baliq-vtglri.html)
1830-cu il. Qızılağacda molla məktəbi
Masallı təhsilinin ilk ocağı
Qızılağacda təhsil ocaqları 190 il əvvəl - 1830-cu ildə mollaxana və mədrəsə kimi fəaliyyətə başlamışdır.
Qızılağacda rus dilli məktəbə çevrilən mədrəsə.
Qızılağaclı xeyirxah insan Xalıq Kərimov əvvəllər qonaq evi kimi inşa etdiyi öz “Hücrə”sini məktəbə çevirmişdir.
1855-ci ildə həmin bu “Hücrə”də bir və ikinci sinfə kimi dərs keçirilərmiş. Dərslər əsasən rus dilində aparılarmış. Proqrama şəriət dərsləri də daxil edilmişdi. Məktəbin ilk müəllimi Lətif Abdullayev olmuşdur. Ondan sonra isə Mirzə Əhməd Şükürzadə burada dərs demişdir. Nəhayət, 1894-cü ildə bu məktəbdə Mirzə Ağarəhim müəllim rus dilindən, onun qardaşı Molla Əbil isə şəriətdən dərs demişlər.
Qızılağac məktəbində uzun müddət rus dili dərsləri keçirildiyindən yerli camaat ona “uşkol” (rus dilində “şkola” sözünün təhrif olunmuş forması) adını vermişdi.
1990-a qədər “sağ qalan” qədim məktəb.
Həmin məktəbin binası 1990-cı illərin əvvəlinədək də dururdu və hər il Moskva şəhərindən xüsusi nümayəndələr gəlib orada öz qeydiyyatını aparırdı. 1990-cı ildən sonra bu qədim məbədin varlığına son qoyularaq söküldü və sovxoz əmlakı kimi dağıdılıb məhv edildi!
Çox təəssüflər olsun ki, əsrləri arxada qoyub və bizə qovuşmağa can atan, insan idrakına nur saçan belə abidələrimizin varlığına xitam verdik. Hazırda həmin qədom məktəbin heç şəkli də əldə yoxdur.
1885-ci il Qızılağac
yığıncağının qərarı
1895-ci ilin oktyabr ayının 20-də Qızılağac, Yeddioymaq və Hüseynhacılı kəndlərinin yerli əhalisinin iştirakı ilə yığıncaqlar keçirilir. Bu yığıncaqlarda yekdilliklə qərara alınır ki, Qızılağac kəndində dövlət hesabına ibtidai məktəb açılsın. Məktəbin təminatı dövlət hesabına ödənilsin və məktəbə müəllim təyin edilsin.
İcma nümayəndələri tərəfindən yekdilliklə təsdiq olunmuş bu qərarı 450 nəfər kənd sakininin iştirakı ilə dövlət nümayəndəsi imzalayır. Qərarda həmçinin belə bənd də nəzərdə tutulur ki, Qızılağac kəndində məktəbin müntəzəm fəaliyyəti üçün hər il kəndlilərdən 350 manat pul toplanılsın və dövlətin hesabına köçürülsün.
Qızılağac icmasının bu yekdil qərarını nəzərə alaraq dövlət
1896-cı ildən etibarən Qızılağac kəndində ibtidai məktəbin açılmasına icazə verir və təhsil haqqını öz üzərinə götürür.
Masallının və onun tarixinin tədqiqatçılarından olan N.Novruzov 1990-cı ildə çap etdirdiyi “Masallı” kitabında “Bir məktəbin tarixçəsi” bölməsində Qızılağac haqqında çox dəyərli və çox sanballı məlumat vermişdir. N.Novruzov göstərib ki, 1896-cı ildə görkəmli pedaqoq Mahmud bəy buraya (yəni Qızılağac məktəbinə ) dərs deməyə gəlir.
Həmin il - yəni 1896-cı ildə Qızılağacda (eləcə də indiki Masallı ərazisində-red) ilk dünyəvi məktəbin əsası qoyulur və məktəbə 38 nəfər şagird cəlb edilir.
Çox heyrətamiz bir haldır ki, Qızılağac məktəbi üçün eyni zamanda 1 hektar həyətyanı torpaq sahəsi ayrılmış və heç bir başqa məktəbdə nəzərdə tutulmayan yataqxana tikintisi də planlaşdırılmışdır.
Qeyd etmək istəyirəm ki, 1896-cı ildən əsası qoyulan bu yataqxana 64 il -- 1960-cı illərədək, yəni 60 ildən çox mövcud olmuşdur. Məktəbin yataqxanasında qonşu Yeddioymaq, Hüseyinhacılı, Təzəkənd, Öncəqala, Qarğalıq, Eminli, Kürdəbazlı, Qədirli kəndlərindən oxumağa gələn şagirdlər qalarmış.
Bəs məktəbin ilk müəllimi və müdiri, Qori seminariyasının məzunu Mahmudbəy kim olmuşdur?
M. Mahmudbəy əslən Şamaxı şəhərindən olmaqla Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinə rəhbərlik edən Aleksandr Osipovic Cernyayevski tərəfindən seçilib seminariya oxumağa aparılan istedadlardandır.
1896-cı ilin 17 fevralında Qızılağac kəndində M.Mahmudbəyovun gəlişi, məktəbə müdir təyin olunması və Qızılağacda dövlət hesabına yeni dünyəvi məktəbin açılmasına həsr olunmuş təntənəli mərasim keçirilir. Məktəbin açılışı sözün əsl mənasında kənddə böyük bir bayrama, şənliyə çevrilir. Xalq ona böyük ehtiram göstərir.
M.Mahmudbəyovun çox böyük ciddi səyi, nüfuzu və pedaqoji məharəti nəticəsində az vaxtda məktəbdə şagirdlərin sayı 45 nəfərə çatır. Bu gün mən, 124 il ötəndən sonra Qızılağacda pedaqoji fikrin əsasını qoyan, məktəblərimizə iki il müdürlük edən Mahmudbəy Mahmudbəyova müraciətlə Qızılağac kəndinin bütün əhalisi və qədirbilən ziyalıları adından “Yerin cənnət olsun, ey yorulmaz maarif fədaisi”-deyirəm !
Qızılağac məktəbi
sovet dövründə
Bəli, illər ötür, Qızılağacda təhsil daha da geniş vüsət alırdı. 1920-ci ildən etibarən artıq Qızılağacda məktəbə, təhsilə həvəs daha da artır və çoxalırdı. Bu illərdə məktəbin birinci sinfinə hələ 1898-ci ilin məzunu Məmmədtağı Kərimov, ikinci sinfinə Mirisa Tağıyev, üçüncü sinifinə isə Lənkərandan gəlmiş Nəhməd Əmənov dərs deyirmişlər.
1921-ci ildə Qızılağac məktəbi 4 sinifli,
1925-cı ildə isə ilk dəfə olaraq 5 sinifli məktəbə çevrilir. Nəhayət, 1930-cu ildə müstəqil Masallı rayonu təşkil edilir. Qızılağac kəndi də 1930-cu ilin sentyabr ayının 8-dən Masallı rayonuna daxil olur və Lənkəran qəzasının tərkibindən ayrılır.
Elə bu ildən də, yəni 1930-cu ildə Qızılağac kəndində ilk dəfə olaraq 7 illik təhsilin əsası qoyulur.
1938-ci ildə isə Qızılağacda çox böyük bir hadisə baş verir. İlk dəfə olaraq burada 10 illik orta təhsil verən məktəb fəaliyyətə başlayır.
Böyük Vətən müharibəsinin o qanlı-qanlı illərində onuncu siniflərin ilk buraxılışı olur.
Nəriman Nərimanov Qızılağacda
Qızılağac sakinləri xalqımızın maarifpərvər oğlu Nəriman Nərimanovu da həmişə hörmət və ehtiramla yad edirlər. Atam Ağaverdi müəllim deyərdi ki, mənim 15-16 yaşım olardı kəndə xəbər yayıldı ki, Nəriman Nərimanov Qızılağaca gəlib. Biz hamımız kəndin “Bazar meydanı” deyilən “Cümə məscidi”nin arxasındakı yerə toplaşdıq. Orada qədim bir qarağac vardı. Onun altına stol, stul qoyulmuşdu. Bu 1921-ci ilin iyulu idi. N.Nərimanov bir çox adamlarla buraya gəldi və çıxış etdi. O, camaata əkinçilikdən, heyvandarlıqdan, torpaqlardan istifadə olunmasından, yoxsulluğun aradan qaldırılmasından danışdı və sonra məktəbə getdi
Camaat ona böyük rəğbət bəsləyirdi.
175 yaşlı təhsil ocağının aydınları
Qızılağac təhsil ocağı özünün 1830-cu ildən bəri 170 illik dövrü ərzində bir çox görkəmli şəxsiyyətlər, şairlər, alimlər, maarif fədailəri, görkəmli pedaqoqlar yetişdirmişdir.
Nəccar
Məktəbin görkəmli və unudulmaz məzunlaından biri də Məmmədhəsən Rəhim oğlu Nəccar olmuşdur.
O, XIX-əsrdə Azərbaycanda geniş yayılmış ədəbi məclislərdən birinin - Lənkəranda fəaliyyət göstərən “Fövcül-füsaha” (Natiqlər yığıncağı) ədəbi məclisinin ən fəal üzvlərindən biri olmuşdur. “Fövcül –füsaha” ədəbi məclisi 1850-ci ildə Lənkəran şəhərində əslən Ağdaş rayonunun Ləki kəndindən olan şair Mirzə İsmail Qasirin təşəbbüsü ilə təşkil edilmişdi.
Əslən Qızılağacdan olan, 1836-cı ilin oktyabr ayının 24-də Qızılağac kəndində doğulmuş M.Nəccar sonralar atası ilə birlikdə Lənkəran şəhərinə köçmüş, nəccarlıqla, dülgərliklə məşğul olmaqla yanaşı 1900 –cü ilədək orada fəaliyyət göstərən ədəbi məclisin ən fəal üzvü olmuş və çoxlu qəzəllər, şerlər də yazılmışdır.
1987-ci ildə çapdan çıxmış və “Yazıçı” nəşriyyatı tərəfindən nəşr olunmuş
“Poetik məclislər”kitabında M.Nəccarın bir qəzəli də verilmişdir.
“Məhparələr”məhəbbəti daim bəla imiş,
Eşq əhli cümlə dərdi-qəmə aşina imiş”
Tədqiqatçı alim M.Mirzəyev isə öz kitabına M.Nəccarın:
“Bilməm nə etmişəm yenə mən yarə tazədən,
Məndən küsübdü, ram olub əğyarə tazədən”.
qəzəlini və satirik üslubda yazılmış bir şerini daxil etmişdir.
M. Nəccar həmçinin bu gün Lənkəranın “Kiçik bazardakı” XIX- əsrdə tikilən məscidin sol qapısını çox böyük məharət və sənətkarlıqla işləmişdir. Məscidin qapısına o, çox böyük bir ustalıqla “La fəta illa Əli, LaSeyfə illa Zülfüqar “(Mənası: “Əlidən başqa igid , Zülfüqarın sayvayı qılınc yoxdur”) sözlərini həkk etmişdir.
Ağaverdi Məmmədov
Həyatının sonuna kimi xalq təhsilinə, maarifə, xeyirxahlığa həsr etmiş nurlu şəxsiyyətlərdən biri də qızılağaclı Ağaverdi Ağaəli oğlu Məmmədovdur. O, ömrünün 60 ilini məktəbə bağlamış, öz nurlu ziyası ilə xalqı maarifləndirmişdir. A.Məmmədov təkcə Qızılağac kəndində deyil, bütün Masallı rayonunda, qonşu Cəlilabad, Yardımlı rayonlarında da xeyirxah əməl sahibi, əsl Allah adamı kimi tanınmışdır.
A.Məmmədov 1906-cı ildə Masallı rayonunun Qızılağac kəndində anadan olmuşdur. O, ibtidai təhsilini başa vurduqdan sonra 1921-cı ildə Bakı şəhər pedaqoji texnikumuna daxil olmuşdur.
1924-cü ildə texnikumu bitirərək Qutqaşen rayonuna müəllim təyin olunmuşdur.
1926-cı ildə Bakı Şəhər ikiillik müəllimlər institutuna daxil olmuş, 1928-ci ildə buranı bitirdikdən sonra Cəlilabad rayonunun Qarakazımlı məktəbinə müdir və müəllim göndərilmişdir.
1930-cu ildən qonşu Yardımlı rayonunda məktəb müdiri və müəllim işləmişdir. 1932-ci ildən isə Masallı rayonunun Digah( “Ağ məktəb” ) məktəbində tarix və coğrafiya müəllimi işləmişdir.
Digah məktəbinin ən nüfuzlu müəllimlərindən biri kimi tanınmış və əhalinin maariflənməsində əvəzsiz xidmətləri olmuşdur.
Masallı maarifinin sönməz şamları sırasına daxil olan A. Məmmədov doğma Qızılağac kəndində yeddiillik məktəb açıldığı üçün 1937-ci ildə bu məktəbə müdir təyin olunmuşdur. O, ömrünün qalan 47 ilini bütövlükdə bu məktəbə həsr etmişdir. Qızılağacda onillik məktəbin açılmasında əvəzsiz xidmətləri olmuş, 1951-ci ilədək məktəbə rəhbərlik etmişdir. A. Məmmədov 1960-cı illərin əvvəllərində çox böyük təşəbbüs və xeyİrxahlıq göstərərək kəndin "Soltan piri" yerləşən 4 hektardan da çox böyük bir sahəsini əhatə edən, qədim tarixə malik olan kənd qəbiristanlığını camaatın yaxından iştirakı ilə daşdan hasara aldırmışdır.
Özü kimi xeyirxah kənd ağsaqqallarının və yurdsevən insanların yaxından köməyi ilə kəndin "Həzi təpəsi" və " Daşlı quyu" deyilən qədim abidələri təmir etdirmişdir.
A.Məmmədov xalq arasında dərin hörmət və nüfuz qazandığından "Mirzə" kimi şərəfli bir ad qazanmış və hər yerdə bu adla çağırılmışdır.
Ağaverdi müəllim həyatda gözəl insan olduğu kimi, həm də hədsiz dərəcədə qonaqpərvər bir şəxsiyyət olmuşdur. O, Azərbaycanın xalq yazıcısı İ. Əfəndiyevlə yaxın olduğundan yazıçı tez-tez onlara qonaq gələrdi. İ.Əfəndiyevlə birlikdə respublikamızın görkəmli yazıçı və şairləri də onun qonağı olardı. Belə ki, M.İbrahimov, R.Rza, S.Rüstəm, S.Rəhman, Ə.Vəliyev, M.Rahim, H.İbrahimov, B.Vahabzadə, S.Rəhimov, T.Əfəndiyev, Ə.Məmmədxanlı, İ.İbrahimov, və başqaları dəfələrlə Ağaverdi müəllimə qonaq gəlmişlər.
Onun dəfnində xalq yazıçısı E.Əfəndiyev və Anar, Şeyxülislam
Hacı Allahşükür Paşazadə şəxsən iştirak etmişlər.
Bəli, Qızılağac məktəbinin yetirməsi və müəllimi A.Məmmədov belə nurlu bir şəxsiyyət olmuşdur.
Qızılağacı nəinki kəndə, nəinki rayona, ölkəyə şöhrət gətirən onlarla yetirmələri var.
Təkcə onu xatırladaq ki, bu kənddən 20-yə yaxın alim, 5 nəfər Masallıya və digər rayonlara rəhbərlik etmiş ictimai-siyasi xadim, ölkə miqyaslı şair, bəstəkar yetişib. Bu isə tam fərqli yazının mövzusudur.
Hələlik isə, Qızılağac məktəbinin yetirməsi, bu gün kəndimizin çox hörmətli bir şəxsiyyəti sayılan Axund Kərbəlayi Nüsrətin
Qızılağac haqqında yazdığı 3 sanballı kitabdan bu şəxslər haqqında məlumat ala bilərsiniz.
Sonda onu da qeyd edim ki, Qızılağac bu gün də ənənələrinə sadiqdir. Təkcə bu il (2020-ci il) ali məktəblərə qəbul olunanlar sırasında 2-si qızıl, 1-i gümüş olmaqla 3 qızlağaclı məzun var.
Hazırda Qızılağacda yeni məktəb binasının tikintisinə start verilməsi də hökumətimizin Masallıda təhsilin ilk ocağa olan kənimizə
göstərilən diqqətin təzahürüdür.
İltifat Məmmədov,
Redaksiya öz növbəsində bu ahıl yaşında vaxt tapıb redaksiyanın xahişi ilə bu yazını hazırladığına görə İltifat müəllimə öz təşəkkürünü bildirir.