Masallının “Halay”ı – 60-dan artıq yaşı olan bu kollektiv haqqında bu vaxta qədər bilmədikləriniz
Araşdırıcı jurnalist Xodaşirin Cəbiyevin “Halay”ın yaradıcısı Ümbulbanu Cəbiyevanın qızı Natavan Cəbiyeva ilə müsahibəsindən seçmələr:
-Folklor ansamblının ilk yaradıcısı anam Ümbülbanu
Qulamhüseyn qızı Cəbiyeva və nənəm (anamın anası) Ağabacı Mir Cavad bəy qızı Hüseynova olmuşdur. Onu da əlavə edim ki, nənəm Azərbaycan tarixində müstəsna yeri olan Talış xanlarının nəsil şəcərəsinə mənsub olmuşdur.
Ağabacı Hüseynova təqribən 1897/98-ci ildə Bakı quberniyası,
Lənkəran qəzasının Mahmudavar kəndində doğulub və 1981-ci ildə 83 yaşında vəfat etmişdir.
Anam Ü. Cəbiyeva 20.04.1935-ci ildə Masallı rayonunun Mahmudavar kəndində anadan olmuşdur. Orta məktəbdə oxuduğu illərdə (1942-52) fəal komsomolçu kimi ictimai işlərdə fərqlənməklə bərabər, həm də bədii özfəaliyyət kollektivinin fəal üzvü olmuş, öz bacarığı və istedadı ilə o vaxtkı rayon rəhbərliyinin diqqətini cəlb etmişdir.
Məhz bu istedadına görə anamı 20 yaşında
Mahmudavar kənd klubuna müdir təyin edirlər.
Bakıya köçməkdən imtina etsə də,Bakını fəth etdi
1955-ci ildə Bakı şəhərində Gənclərin Umumrespublika Musiqi Festivalı keçirilir. Anam həmin müsabiqədə Masallı rayon musiqi kollektivi ilə təmsil olunmaqla yanaşı, solo ifada “Pıçıldaşın ləpələr” və “Bakılı qız” mahnıları ilə çıxış edir. Onun ifa tərzi, səhnə
mədəniyyəti, davranışı münsiflər heyətinin çox xoşuna gəlir. Həmin gün münsiflər heyətinin üzvlərindən biri - orta boylu, arıq bir qadın anama yaxınlaşaraq deyir:
- Qızım, ifanız çox xoşumuza gəldi. Sənə kömək edərik, hər cür şərait yaradarıq, özüm sənə sahib duraram. Amma bir şərtlə ki, sən gəl, köç Bakıya.
Anam isə cavabında deyir ki, mən rayonda işlərimi qurmuşam, həm də valideynlərim bu işə qol qoymazlar. Anamın belə bir cavab verməsi səbəbsiz deyildi.
O, ani fikirləşir ki, ata babası Molla Haşım ruhani və ana babası Mir Cavad Ağa isə ağır seyiddir. Belə olan halda, onun Bakıya köçməsi və müğənni olması heç cür mümkün olan iş deyil.
Münsiflər heyətinin üzvü olan həmin qadın anamın qəti etiraz etdiyini görüb söhbətinin davamında deyir:
- Qızım, çox təəssüf ki, biz səni Bakıya gətirə bilmirik. Onda sənə daha bir təklifim var: rayona qayıdandan sonra, edə bilərsənmi ki, talış qızlarından ibarət bir folklor kollektivi yaradasan?
Sonradan anam öyrənir ki, ona Bakıda qalmağa, himayədarlıq etməyi təklif edən, festivalın münsiflər heyətinin üzvü olan qadın SSRİ Xalq artisti Şövkət Məmmədova olmuşdur.
Anam danışardı: “qadının təklifindən sonra ani olaraq anam Ağabacı yadıma düşdü, daxilən ona arxayın olduğumu hiss edərək xəyalımda qızlardan ibarət halay kollektivini xatırladım. Çünki anam o dövrdə bölgəmizin nəğməkar, şairə qızı, musiqili bayatılar söyləyən, bəstələyən ifaçı kimi tanınırdı, məclislərin bəzəyi idi. O, gözəl qaval çalar, folklor mahnılarının başlıqlarını seçər, çevrəsindəki qızlarla birlikdə şənliklərdə dəstə tutar, rəqs edər, çalıb-oxuyardılar”.
Anam münsiflər heyətinin üzvü olan həmin qadına söz verir ki, mən tapşırdığınız işin öhdəsindən gələ bilərəm.
O, rayona qayıdan kimi Ağabacı nənəmin səhnə tərtibatı və əməli köməyi sayəsində kəndimizdə talış qızlarından ibarət kiçik bir folklor qrupu yaradır, ilk dəfə olaraq “Lo, lo” xalq mahnısını səhnələşdirməyə müvəffəq olur.
“Lo” talış dilində bir neçə məna verir: qarğaya, lək-lək hamarlanmış çəltik zəmisinə, malabaxan naxırçıların heyvanları şəmtləşdirmək üçün işlətdikləri nidalı sözə “lo” deyilir. Ona görə də “lo” tarixən talışların ən çox işlətdikləri, sevdikləri, az qala onların milli himninə çevrilən və bir neçə rəmzi məna daşıyan sözdür.
Beləcə, “Lo, lo” xalq mahnısı anamın və nənəmin bədii tərtibatında həyata vəsiqə qazanır.
1956-ci ildə ilk dəfə olaraq Mahmudavar kənd klubunda folklor kollektivinin baxış müsabiqəsi keçirilir. Müsabiqənin münsiflər heyəti iki nəfərdən - Azərbaycan bəstəkarı, Azərbaycan SSR Əməkdar İncəsənət xadimi Qəmbər Hüseynli və Sovet Xalq Rəqqası və xoreoqrafı,
Azərbaycan SSR Xalq artisti (1959) Əlibaba Abdullayevdən ibarət olmuşdur.
Həmin müsabiqədə anam Ü. Cəbiyeva ortada dayanaraq başlıqlar deyərək oxuyur, sağında və solunda dayanan iki xanım - mahmudavarlı qızlardan Xanımgül Kərimova və Həbibə Nağıyeva isə başlıqları təkrarlayaraq onu müşayiət edirlər.
Münsiflər heyəti kollektivin ifasını bəyənir və anama tövsiyə edirlər ki, qızların sayını artırsın. Beləliklə, anam az müddətdən sonra folklor kollektivinin sayını 8 nəfərə çatdırmağa müvəffəq olur və həmin vaxtdan başlayaraq dövlət konsertlərində, müsabiqələrdə, festivallarda kollektivin zəfər ulduzu
parlamağa başlayır.
1974-ci idən başlayaraq 20-yə yaxın nüfuzli təşkilatın keçici bayrağını, diplomunu, Fəxri-fərmanını qazanmağa müvəffaq olub. Daha sonra fəaliyyətini genişləndirərək, Gürcüstanda, Rusiyada, Macarıstanda, Türkiyənin bir neçə şəhərində uluslararası festivallarda qalib kimi diplomlara layiq görülüb.
Ən yüksək mükafatı “SSRİ mədəniyyət əlaçısı” nişanı olub.
Hazırda bu təltiflər Masallı Tarix və Diyarşünaslıq Muzeyində saxlanılır.
Heydər Əliyev kollektivə bu adı necə verdi?
- Bunun bir maraqlı taixçəsi var. 1983-cü ildə kollektivimiz dövlət tədbirlərinin birində indiki H. Əliyev adına sarayda çox uğurla çıxış etdi. Mən də həmin tədbirdə iştirak edirdim. Konsertdən sonra rəhmətlik Ulu Öndərimiz Heydər Əliyev (o vaxt hələ Azərbaycan KP MK-nın 1-ci katibi vəzifəsində işləyirdi) bizim kollektivlə görüşdü. Üzünü bizə tutaraq dedi:
-Siz nə yaxşı ifa etdiniz. Necə də gözəl kollektiviniz var.
Mən bu gün sizin ansamblla bağlı qərar imzalayacağam. Qoy bu gündən sizin ansamblın adı “Halay” Xalq Folklor Kollektivi olsun.
Beləcə, kollektiv həmin gündən dövlət dəstəyi alaraq irəliləməyə başladıq.
- Anamın səhnə və idarəçilik fəaliyyətinin yolu heç də hamar olmamışdı. Onun irəliləməsinə bir sıra təzyiqlər, maneələr və əngəllər də olmuşdu. Bütün bunlar onun sağlamlığından, fiziki durumundan yan keçmədi.
Hələ 1988-ci ildən başlayaraq anam öz işlərini yavaş-yavaş mənə öyrədərək həm də təhvil verirdi. Mən həmin illərdə toy şənliklərində müğənnilik edir, anama kömək məqsədilə “Halay”a maddi yardımlar göstərirdim. Müstəqillik dövrünün ilk illərində kollektivimizin xeyli maddi çətinlikləri oldu, lakin 2007-ci ildən başlayaraq Masallı rayon Mədəniyyət Şöbəsinin müdiri
Lətifə xanım Mövsümovanın yaxından köməyi sayəsində bu sahədə olan çətinliklərimiz getdikcə aradan qalxdı.
Xatırladım ki, Ü. Cəbiyeva ailə həyatı qurmuş, 3 oğlan, 3 qız övladı, 11 nəvəsi vardır.
O, 17 sentyabr 2007-ci ildə 72 yaşında vəfat etmişdir. Həyat yoldaşı Sabir Fərman oğlu Cəbiyev 10 fevral 1934-cü ildə Mahmudavar kəndində andan olmuş, 1 oktyabr 2001-ci il-
də vəfat etmişdir.
- Özünüzdən sonra sənətinizin davamçısı varmı?
- Nə yoxdur, nə də istəməzdim ki, olsun. Kollektivi yaşatmaq üçün anamın çəkdiyi sonsuz əziyyətləri gözlərimlə görmüşəm. Ona qarşı nə qədər təzyiqlər, təsirlər, tənələr olub. O, çəkdiyi zəhmətlərin müqabilində öz haqqını ala bilmədi. Ona görə də istəməzdim ki, övladlarım bizim çəkdiyimiz əziyyətləri çəksinlər.
Müəllif: Çox şeyləri xatırlatmaq istəməsək də, Heydər Əliyevin xeyir-duası ilə yaranmış, böyük uğurlara imza atmış bu kollektivə nəinki orden, bir medalın belə verilməməsi təəssüf doğurur.
Qeyd edək ki,“Halay” haqqında Ağəddin Mansurzadə kitab yazıb. Bu kollektiv 1972-ci ildə “Xatirələr sahili” filmində iştirak edib və internet resurslarında bu kollektivin onlarla ifası yer alıb. Bəzilərinin linklərin əlavə edirik:
Xodaşirin Cəbiyev (Cabbarlı). Cenub.az