Masallılı rejissor və aktyorlar
Yazı masallida.az və cenub.az saytlarında paylaşmaq üçün yazılıb (1-ci hissə)
230 minlik Masallı rayonu əsasən din xadimləri, alimləri, pəhləvanları ilə məşhur olsa da, bu torpağın övladları sırasında rejissorlar və aktyorlar da az olmayıb. Hansı ki, bu aktyorlar sırasında məşhur tamaşalarda baş rollarda oynayan, yüksək dövlət mükafatlarına layiq görülənlər də, eləcə də xanım aktyorlar az olmayıb. Həmin teatr xadimləri haqqında əldə etdiyimiz məlumatları bu yazıda sizə də təqdim etməyə çalışacağıq. Sizdən də xahiş edirik ki, tanıdıqlarınız haqqında bizi məlumatlandırın
Ərkivanlı Mirzə Mövsüm Fətullayevin övladlarından başlayan səhnə tariximiz
XIX əsrin 1885-cı ildə Ərkivanda doğulub 1936-cı ildə Bakıda dünyasını dəyişən Mirzə Mövsüm 1906-cı ildə ticarət məqsədi ilə İran Astarasına getmiş, orada evlənmiş, arvadı vəfat etdikdən sonra isə Lənkərana qayıtmışdır. Lənkəranda 2-ci dəfə ailə həyatı quraraq Kübraxanım adlı qadınla evlənmişdir. Mirzə Mövsümün şairlik və müğənnilik bacarığı da olmuşdur. Mirzə Mövsümün Kübraxanımdan 4 oğlu dünyaya gəlib.
1. Fateh Fətullayev (1909-1983). İlk adı Fətulla olsa da, teatrdakı misilsiz xidmətlərinə görə Hüseyn Cavid ona Fateh adını verib.
2. Nüsrət Fətullayev (1911-1987)
3. Şəmsəddin Fətullayev (1913-1975).
4. Nurəddin Fətullayev (1915-1975).
İndiki Ərkivan qəsəbəsinin İsoba məhəlləsindən (Onların yaxın qohumları Cəbrayılovlar əsasən idmançılardan ibarət olub) pərvazlanan bu ailənin ilk övladı Fateh Fətullayev taleyini teatrla bağlamış. Azərbaycan Dövlət Dram Teatrının tanınmış aktyorlarından olmaqla Respublikanın Əməkdar artisti adına layiq görülüb. F. Fətullayevin ifa etdiyi rollar sırasında məşhur "Ögey ana"da Arif (İsmayılın atası), "Bir məhəlləli iki oğlan"da Əliqulu, "Qaraca qız"da bəy obrazları mühüm yer tutur.
Fatehin kiçik qardaşı Nüsrət Fətullayev də teatrla bağlı adam olub. Uzun müddət Dövlət Dram Teatrının Baş rəssamı işləmiş, dövlət mükafatına və Azərbaycanın Xalq Rəssamı adına layiq görülmüşdür. N. Fətullayev "Şərqin səhəri" (Ənvər Məmmədxanlı) tamaşasına görə 1948-ci ildə Stalin mükafatı, İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" dramının tamaşasının tərtibatı üçün isə 1972-ci ildə Azərbaycanın Dövlət mükafatı laureatı olub. Gənc Tamaşaçılar TeatrındaMirzə Fətəli Axundzadənin "Molla İbrahimxəlil kimyagər" komediyasına (1938), "Arşın mal alan" (1972) operettalarına səhnə tərtibatı verib. Milli Dram Teatrında əllidən çox tamaşanın rəssamı olub. Onların arasında "Almaz", Cəfər Cabbarlı (1936), "Skapenin kələkləri", Jan Batist Molyer (1936), "Həyat", Mirzə İbrahimov (1937), "Hacı Qara", Mirzə Fətəli Axundzadə və "Vaqif", Səməd Vurğun (1938), "Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev (1940 və 1957), "Aydın" və "Oqtay Eloğlu", Cəfər Cabbarlı (1940), "Xoşbəxtlər", Sabit Rəhman və "Fərhad və Şirin", Səməd Vurğun (1941), "Dumanlı Təbriz", Məmməd Səid Ordubadi (1945), "Nüşabə", Abdulla Şaiq (1946), "İşıqlı yollar", İlyas Əfəndiyev (1947), "Rəqs müəllimi", Lope de Veqa (1949), "Müfəttiş" Nikolay Qoqol (1952), "Qış nağılı", Vilyam Şekspir (1955), "Səyavuş", Hüseyn Cavid (1963), "Xanuma", Avksenti Saqareli (1975), "Müsyö Jordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə (1978), "Cehizsiz qız", Aleksandr Ostrovski (1979), "Yad adam", Leonqard Frank (1980), "Təhminə və Zaur", Anar (1985). tamaşaları da var.Onu da xatırladaq ki, N. Fətullayevin yoldaşı SSRİ xalq artisti Hökümə Qurbanova, qızı isə ölkəmizin Əməkdar artisi Vəfa Fətullayeva olmuşdur.
Bu nəslin daha bir tanınmışı isə Hafiz Fətullayevdir. Mirzə Mövsümün 3-cü oğlu, bəstəkar Nurəddin Fətullayevin oğlu Hafiz Fətullayev. O, M.A.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirdikdən (1970) sonra, Azərbaycan Dövlət Dram Teatrında, daha sonralar Azərbaycan Dövlət Televiziyasında, Lider TV-də çalışıb. 1991-ci ildən "Rimur" müstəqil kinokompaniyasının rəhbəri idi. "Qırmızı qatar" və "Müqəddəs odda yanaram" filmlərinin rejissoru olub. Hafiz Fətullayev uzun sürən xəstəlikdən sonra 70 yaşında Bakıda vəfat etmişdir.(Bu məlumatlar ilk dəfə rəhbərlik etdiyim “Ərkivan” və “Masallı xəbərləri” qəzetlərində 25 il öncə yer almışdır)
Masallı. Təkləli aktyorlar
Masallı rayonun Təklə ərazi vahidində yerləşən Sığıncaq və Xoşçobanlı kəndləri də məşhur aktyorları ilə tanınıb.
1. İlham Əsgərov. Respublikanın xalq artisti. (Hələ ki, Masallıdan olub bu adı daşıyan ilk aktyordur)
İlham Təvəkkul oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Təklə Ərazi Dairəsinin Xoşçobanlı kəndində anadan olmuşdur.1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyoru fakültəsini bitirmişdir.
1982-ci ildən Akademik Milli Dram Teatrının aktyoru olmuşdur.
İ.Əsgərov Azərbaycan dövlət radiosunun məşhur "Bulaq" verilişinin aparıcılarından biri idi.İlham Əsgərov 28 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 15 may 2006-cı ildə Xalq Artisti fəxri adlarına, layiq görülüb. 2010-cu ildə Cəfər Cabbarlı mükafatına, 9 may2012-ci ildə və 30 aprel2014-cü ildə və 6 may2015-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 6 sentyabr 2015-ci ildə Bakıda vəfat etmişdir. Masallı rayonunun Xoşçobanlı kəndində dəfn edilmişdir.
Aşağıdakı rolları ifa etmişdir:
- Mirzə İbrahimov "Közərən ocaqlar" Əli,
- Hüseyn Cavid "İblis" Ərəb,
- Nəriman Həsənzadə "Atabəylər" Əbubəkir,
- Bəxtiyar Vahabzadə "Fəryad" Loğman və Əmir,
- Bəxtiyar Vahabzadə "Dar ağacı" Sabutay,
- Bəxtiyar Vahabzadə "Rəqabət" Nadir,
- İlyas Əfəndiyev "Büllur sarayda" Həbib,
- İlyas Əfəndiyev "Mahnı dağlarda qaldı" Nicat,
- İlyas Əfəndiyev "Sevgililərin cəhənnəmdə vüsalı" Anaşkin,
- İlyas Əfəndiyev "Tənha iydə ağacı" Doktor Altay,
- İlyas Əfəndiyev "Hökmdar və qızı" Məhəmməd xan,
- Uilyam Şekspir "Kral Lir" Fransa kralı,
- Hidayət Orucov "Bu dünyanın adamları" Nemət Səmədzadə,
- Süleyman Sani Axundov "Eşq və intiqam" Piri baba,
- İlyas Əfəndiyev "Qarabağnamə" İbrahim xan,
- Mirmehdi Seyidzadə "Füzuli və Əsmər" Həbibi,
- Əli Əmirli "Mesenat" N.Nərimanov,
- Süleyman Sani Axundov "Qaraca qız" Piri baba,
- Həsən Həsənov "Qürbətdən gələn məktublar" Mirzə Fətəli Axundzadə.
Kinomuzun Qədiri - Bahadur Əliyev. Respublikanın Əməkdar artisti
Bahadur Atabala oğlu Əliyev 24 fevral 1933-cü ildə Masallı rayonunun Təklə Ərazi Vahidinin Sığıncaq kəndində anadan olub. 1957-ci ildə İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakültəsini bitirib. 2002-ci il sentyabrın 16-da isə günorta radələrində Sumqayıt şəhərində yolda ürək çatışmazlığından infarkt keçirərək vəfat etmişdir. 50-dən çox filimlərdə rollara çəkilmişdir:
- Alıcının sərgüzəşti (film, 1976)
- Arzu (film, 1972)
- Axırıncı aşırım (film, 1971)
- Babək (film, 1979)
- Bağ mövsümü (film, 1985)
- Bakıda küləklər əsir (film, 1974)
- Bəyin oğurlanması (film, 1985)
- Bir cənub şəhərində (film, 1969)
- Bir məhəllədən iki nəfər (film, 1957)
- Bizim Cəbiş müəllim (film, 1969)
- Bizim küçə (film, 1961)
- Bizim küçənin oğlanları (film, 1973)
- Böyük dayaq (film, 1962)
- Buyruq və quyruq (film, 1972)
- Çarə (film, 1981)
- Cazibə qüvvəsi (film, 1964)
- Zirvə (film, 1964)
- Dağlarda döyüş (film, 1967)
- Dairə (film, 1985)
- Dərviş Parisi partladır (film, 1976)
- Əla kəsici (film, 1975)
- Əmək və qızılgül (film, 1962)
- Ən vacib müsahibə (film, 1971)
- Əsl dost (film, 1959)
- Evlənmək istəyirəm (film, 1983)
- Firəngiz (film, 1975)
- General (film, 1970)
- Gözbağlıcılar (film, 1973)
- Gözlə məni (film, 1980)
- Həyat bizi sınayır (film, 1972)
- İşgüzar səfər (film, 1982)
- İstintaq davam edir (film, 1966)
- İyirmialtılar (film, 1966)
- Jonqlyor (film, 1986)
- Kontor (film, 1978)
- Kölgələr sürünür (film, 1958)
- Qanun naminə (film, 1968)
- Qatır Məmməd (film, 1974)
- Qəribə əhvalat (film, 1960)
- Qoy dolanaq... (film, 1972)
- Leylək gözləyir (film, 1977)
- Maqarıç (film, 1973)
- Mən ki gözəl deyildim (film, 1968)
- Məşədi İbad-80, yaxud köhnə tanışlar (film, 1980)
- Möcüzələr adası (film, 1963)
- Mühazirə (film, 1986)
- Nizami (film, 1982)
- qızı tapın (film, 1970)
- Ömrün İlk Saatı (1973)
- Onu bağışlamaq olarmı? (film, 1959)
Hazırladı: Zahir Əmənov. Cenub.az