Banbaşı
Kəndin adı:Banbaşı
Əhalisi:
2550 nəfər
Ərazisi:
401 ha
Viləş çayının sol sahilində, rayon mərkəzindən 4 km məsafədə, Masallı-Təzə Alvadı magistral yolunun qərb hissəsində yerləşir. Masallı şəhəri, Yeyənkənd, Köhnə Alvadı, Kosakül və Böyük Xocavar kəndləri ilə həmsərhəddir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Kənddə 2009-cu ildə istifadəyə verilmiş 480 yerlik müasir tipli məktəb, feldşer-mama məntəqəsi fəaliyyət göstərir. 1 məscid dindarların istifadəsindədir. Məşhur Mirheydər ağa ocağı camaatın inam yerinə çevrilmişdir. Kənddə 1 yanacaq doldurma məntəqəsi, 1 maye qazdoldurma məntəqəsi, 1elektrik yarımstansiyası vardır. Banbaşı kəndi Masallı rayonunun ən qədim yaşayış məntəqələrindən biri hesab olunur. Yaşı min illər ehtimal edilən Cəm-Cəm şəhəri burada olmuşdur. Cəm-Cəm şəhərinin tarixi ilə bağlı böyük elmi- arxeoloji araşdırmalar aparılmasa da, kənd əhalisi tərəfindən aparılan qazıntılar zamanı həyətlərdən qədim kərpiclər, qızıl əşyalar, yeraltı pilləkənli quyular və s. tapılmışdır. Şəhər dağıldıqdan sonra bu ərazidə yenidən məskunlaşma olmuş və Banbaşı kəndi yaranmışdır. Ehtimal olunur ki, Banbaşı “ ban “ sözündən yaranmışdır. Ban evin yuxarısı, çardağı, ən yüksək hissəsidir. Kənd Viləş şayı sahilində yüksəklikdə yerləşdiyi üçün Banbaşı sözünün yüksək yer, yuxarı yer, baş yer mənasında olduğunu ehtımal edənlər də var. Kənddə 4 təpə kurqan var ki, bu da kəndin strateji məntəqə olduğuna işarədir. Kurqanların ətrafından tapılan kərpiclər, daşlar, müxtəlif əşyalar onların yaşının çox olduğuna işarədir. Kənddə ilk məktəb 30-cu illərin əvvələrində açılmışdır. Kəndin ilk ali təhsilli sakinləri Qədiməliyev Abdul Qənbər oğlu, Allahverdiyev Höccət Əsəd oğlu, Əmrahov Yusif Bağır oğlu və başqaları olmuşlar. Banbaşı kəndinin sakinləri öz alimləri ilə fəxr edirlər. Bəşirov Soltanağa Hacıağa oğlu- texnika elmləri doktoru, professor. Hal-hazırda vəfat etmişdir. Ağayev Məmmədhəsən Məmmədhüseyn oğlu- tibb elmləri doktorudur, Azərbaycan Dövlət Tibb Univeristetinin müəllimidir. Qədiməliyev Fikrət Gülverdi oğlu-tibb elmləri namizədidir. Böyük Vətən Müharibəsində Banbaşı kəndindən 150 nəfər cəbhəyə getmiş, onlardan 50-ci cəbhədən qayıtmışdır. Hazırda sağ qalan BVM iştirakçısı yoxdur. Qarabağ uğrunda gedən döyüşlərdə Banbaşı kəndi iki şəhid vermişdir. 2 nəfər xidməti qulluq zamanı həlak olmuşdur. Qasımov Cavanşir Beytulla oğlu- 1992-ci ildə, Abdullayev Mürüvvət Əli oğlu isə 1993-cü ildə şəhid olmuşdur. Mirzəyev Nail Nadir oğlu 2004-cü ildə, Həsənov Etiram Ağabəy oğlu isə 2006-cı ildə xidməti qulluq zamanı həlak olmuşdur. Banbaşı kəndindən olan məşhur din xadimi Əhmədov Əhmədağa Abdulbağı oğlu 25 il dini təhsil almış, 1937-ci il represiya qurbanı olmuşdur. Banbaşı kəndindən olan ziyalılar müxtəlif rəhbər vəzifələrdə işləmişlər. Mirzəyev Yasər Abı oğlu- Masallı Rayon Komsomol Komitəsinin 1-ci katibi, Masallı Rayon Partiya Komitəsinin şöbə müdiri işləmişdir. Qədiməliyev Fikrət Gülverdi oğlu-Dövlət Kömrük Komitəsi Tibb xidməti idarəsinin rəisi işləyir, Tibb xidməti general-mayorudur.